E-LEGAL Xidmət Şərtləri və Qaydaları
Hüquqi Məlumat & Bildirişlər
1. Portalın mülkiyyəti və istifadəsinə razılıq
Bu Xidmət Şərtləri və Qaydaları (bundan sonra “Qaydalar” adlanacaq) “E-LEGAL” MMC-yə (bundan sonra “E-LEGAL” və ya “Biz” adlanacaq) aid www.e-legal.az web səhifəsinə və “E-LEGAL” mobil tətbiqinə (bundan sonra birlikdə və ya ayrı-ayrılıqda “Portal” adlanacaq) və orada təklif olunan xidmətlərdən istifadəyə şamil olunur. Bu Portal E-LEGAL-ın və onun təsisçilərinin mülkiyyətidir. Bu Portalda olan bütün mətnlər, qrafiklər, istifadəçi interfeysi, vizual interfeys, fotolar, əmtəə nişanları, loqolar, səslər, musiqilər, kompüter kodları, habelə dizayn və struktur və Portalda olan digər elementlər, həmçinin bu Qaydaların mətni (bundan sonra hamısı birlikdə “Məzmun” adlanacaq) E-LEGAL-a aiddir, E-LEGAL tərəfindən idarə olunur, əqli mülkiyyət və rəqabət qanunvericiliyinə uyğun olaraq mühafizə olunur.
BU PORTALDAN İSTİFADƏ ETMƏKLƏ, SİZ XİDMƏT ŞƏRTLƏRİ VƏ QAYDALARI İLƏ QEYD-ŞƏRTSİZ RAZILAŞMIŞ OLURSUNUZ. ƏGƏR RAZILIQ VERMİRSİNİZSƏ, PORTALDAN İSTİFADƏ ETMƏYİN.
Biz bu Qaydalara, Məzmuna, qiymətlərə istənilən vaxt dəyişiklik etmək, müəyyən hissələr əlavə etmək və ya çıxarmaq üzrə müstəsna hüquqlara sahibik. Bu Qaydalara mütəmadi dəyişikliklər edilməsini yoxlamaq Sizin öhdəliyinizdədir. Portaldan istifadə etməklə Qaydalara edilmiş dəyişikliklərlə də razılaşmış olursunuz. Qaydaların şərtlərinə əməl etdiyiniz müddətdə Sizə Portala daxil olmaq və ondan şəxsi, qeyri-müstəsna və məhdud səlahiyyətli istifadə etmək imkanını yaradırıq.
2. Qaydalarda istifadə olunan anlayışlar
Portal – www.e-legal.az səhifəsi və “E-LEGAL” mobil tətbiqi.
E-LEGAL – bu Qaydalara əsasən Portal vasitəsi ilə hüquq xidmətlərinin göstərilməsini təklif edən, müştərilərə onlayn hüquqi və onunla əlaqədar digər xidmətləri göstərən hüquqi şəxsdir.
İstifadəçi – Portala daxil olan hər hansı şəxsdir. İstifadəçi Portala daxil olduqda bu Qaydaları qəbul etmiş hesab edilir.
Müştəri – Portalda şəxsi kabinet yaratmaqla və ya ASAN-Login vasitəsilə daxil olmaqla E-LEGAL-ın xidmətlərindən yararlanmaq hüququnu əldə etmiş, Xidmətlərdən yararlanmaq üçün müvafiq qaydada fərdi məlumatlarını daxil edərək müraciət göndərmiş və müvafiq ödənişi etmiş istifadəçidir. Müştəri müraciət göndərdikdə bu Qaydaları qəbul etmiş hesab edilir.
Müştərinin identifikasiyası – Müştərinin Şəxsi kabinet yaratdığı və ya ASAN-Login vasitəsilə daxil olduğu və almaq istədiyi Xidmətə müraciət etdiyi zaman təqdim etdiyi məlumatlara əsasən onun şəxsiyyətinin müəyyən edilməsidir.
Xidmət (Xidmətlər) – müştərinin müraciətinə uyğun olaraq şifahi və ya yazılı hüquqi məsləhət və ya rəy verilməsi, müvafiq sənədlərin hazırlanması, ekspertizası, sənədlərin aidiyyəti qurumlara təqdim edilməsi, müştərinin müvafiq orqan və ya qurumlar, məhkəmələr qarşısında təmsil olunması, sənədlərin tərcüməsi, müəyyən məlumat toplularının hazırlanaraq təqdim edilməsi və/ və ya Portalda qeyd edilən digər növ xidmət(lər)dir.
Məsləhət al — E-LEGAL komandasının üzvü olan hüquqşünas tərəfindən müştərinin müraciəti üzrə Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyi çərçivəsində hüquq normalarının izahı, müştərinin vəziyyəti ilə bağlı münasibətləri tənzimləyən ən uyğun hüquq normalarının seçilməsi, eləcə də vəziyyətin hüquqi həlli yollarının, habelə mövcud və ya yarana biləcək risklərin müştəriyə şifahi açıqlanması və ya yazılı rəy formasında təqdim olunması üzrə xidmətdir.
Məhkəməyə müraciət – Müştərinin tələbi üzrə müvafiq instansiya məhkəməsinə iddia ərizəsinin, şikayətin, ərizənin, vəsatətin hazırlanması, habelə müştərinin hüquq və mənafelərinin məhkəmədə E-LEGAL komandasının üzvü olan vəkil tərəfindən təmsil və müdafiə olunması üzrə xidmətdir.
Hüquqi şəxsə xidmət – Biznesin yaradılması, idarə edilməsi, yenidən təşkili və ya ləğvi ilə bağlı bütün prosedurları əhatə edən hüquqi dəstəyin göstərilməsi üzrə xidmətdir.
Müqaviləni yarat – E-LEGAL tərəfindən əvvəlcədən hazırlanmış standart müqaviləyə müştərinin müvafiq məlumatları daxil edərək müqavilənin avtomatik şəkildə yaradılmasını təmin edən xidmətdir.
Abunəlik paketi - hüquqi şəxsin yaradılması, idarə edilməsi, yenidən təşkili və ya ləğvi, o cümlədən fərdi sahibkarların dövlət qeydiyyatına alınması, startaplara hüquqi dəstək kimi xidmətlər toplusudur.
Xidmət haqqı — Xidmətin göstərilməsinə görə Portalın müvafiq Xidmət bölmələrində qeyd edilən ödənişdir.
Müraciət — Müştərinin Xidmətlərdən yararlanmaq üçün bütün zəruri məlumatları özündə əks etdirən və bu Qaydalara uyğun şəkildə şifahi və ya elektron üsulla tərtib olunmuş sifarişidir. Müraciətin göndərilməsi Müştəri ilə E-LEGAL arasında Xidmətin göstərilməsinə dair müqavilənin bağlanmasını təsdiq edir. Müştərinin qeydiyyatdan keçdiyi elektron poçt ünvanına müraciətin daxil olduğuna dair bildiriş göndərilir.
Müraciətin təsdiq edilməsi — Müştəri tərəfindən müvafiq Xidmət üçün müraciət edildikdən sonra E-LEGAL-ın məlumat reyestrinə salınmasından və müştəriyə müraciətinin icraata qəbul edilməsini bildirən elektron bildiriş göndərilməsindən ibarətdir.
Şəxsi kabinet — Portalda müştərilərin müraciətlərinin göndərilməsi, habelə həmin müraciətlərin statusunun izlənilməsi üçün qeydiyyatdan keçərək və ya ASAN-Login vasitəsilə Portala daxil olaraq yaratdığı istifadəçi hesabıdır.
Hüquqşünas — tələb olunan peşə ixtisasına və təcrübəyə malik olan və hazırkı Qaydalara, həmçinin E-LEGAL-ın daxili qaydalarına əsasən müştərilərə birbaşa xidmət göstərən E-LEGAL-ın əməkdaşı və ya xidmət müqaviləsi bağladığı hüquqşünasdır.
Müqavilə - Müştərinin müraciəti və müvafiq xidmət haqqını ödəməsi əsasında E-LEGAL-ın təklif etdiyi xidmətlərin icrasına dair sazişdir.
3. Müqavilənin predmeti
3.1. Bu Qaydalara müvafiq olaraq E-LEGAL hüquq və digər xidmətlərin Müştəriyə təqdim olunmasını öhdəsinə götürür, Müştəri isə Xidmətləri qəbul etməyi və qabaqcadan müəyyən edilmiş dəyərini ödəməyi öz öhdəsinə götürür.
3.2. Xidmətlərin tərkibinə Portalda müvafiq bölmələrdə yerləşdirilmiş ayrı-ayrı Xidmətlər daxildir. Hər bir Xidmət barədə qısa və ətraflı açıqlamalar Portalda müvafiq bölmələrdə yerləşdirilmişdir.
3.3. E-LEGAL, Xidmətləri Müştərilər tərəfindən edilmiş müraciətlər və təqdim edilmiş məlumatlar əsasında göstərir.
3.4. Bu Qaydalar və Portalda yerləşdirilmiş məlumatlar oferta hesab olunur və Müştəri tərəfindən yalnız müraciətin göndərilməsi və müvafiq ödənişin edilməsi yolu ilə qəbul oluna bilər.
4. Müqavilənin bağlanması və qüvvədən düşməsi qaydası
4.1. E-LEGAL ilə Müştəri arasında Müqavilə hazırkı Qaydalara əsasən Müştəri tərəfindən müraciətin göndərilməsi və ödənişin edilməsi anından etibarən hər iki Tərəf üçün bağlanmış hesab olunur və bu Qaydalarda qeyd edilmiş hallar istina olmaqla icrası məcburi olur.
4.2. Müraciət alındıqdan sonra Müştəri bağlanmış Müqavilə üzrə yaranan hüquq və vəzifələrini üçüncü şəxsə ötürə bilər. Bu halda Müştəri E-LEGAL-ı və hüquq və vəzifələri əldə edən şəxsi Xidmətlərin xüsusiyyətləri və bu Qaydalar haqda ətraflı şəkildə elektron poçt vasitəsi ilə məlumatlandırmalıdır. Bütün bu kimi hallarda Xidmətlər haqqında təqdim edilmiş məlumatların doğruluğuna görə Müştəri məsuliyyət daşıyır.
4.3. Birdəfəlik xarakterli Xidmətlərə münasibətdə Müştərinin müraciətində göstərilən tələblərə uyğun Xidmət göstərildikdən sonra tərəflər öhdəliklərini yerinə yetirmiş hesab olunur və müqavilə qüvvədən düşür.
4.4. Abunəlik xarakterli Xidmətlərə münasibətdə Müştərinin müraciətində göstərilən tələblərə uyğun xidmət göstərilməklə abunə müddətinin sonunda müqavilə qüvvədən düşmüş hesab olunur.
5. Xidmətlərin göstərilməsi şərtləri
5.1. Müştəriyə göstərilən konkret Xidmətlərin siyahısı, həcmi və müvafiq xidmət haqqı E-LEGAL-ın rəsmi Portalında göstərilir.
5.2. Xidmətlər Azərbaycan Respublikasının qanunvericiliyi, o cümlədən Azərbaycan Respublikasının hüquq sisteminin tərkib hissəsi olan beynəlxalq hüquq normalarının və prinsiplərinin, həmçinin formalaşmış hüquqi adətlər əsasında təqdim olunur.
5.3. Xidmətlər Müştərinin mənafeyini üstün tutaraq istənilən hüquqi məsələ ilə bağlı Müştərinin müraciəti əsasında özünün və ya müraciətində bildirdiyi üçüncü şəxsin qanuni maraq və mənafelərini təmin etmək üçün göstərilir və Xidmətin göstərilməsi nəticəsində əldə olunan nəticələr Müştəri tərəfindən üçüncü şəxslərə açıqlana bilməz və onlar tərəfindən bu nəticələrə istinad oluna bilməz.
5.4. Xidmətlər E-LEGAL tərəfindən müəyyən olunan tələblərə uyğun olaraq Müştərinin yazılı və ya müstəsna hallarda şifahi müraciətinə əsasən təqdim olunur.
5.5. Yazılı müraciətin göndərilməsi üçün Müştəri Portalda müvafiq Xidmət bölməsində yerləşdirilmiş anket məlumatlarını doldurmalı, məsələ ilə bağlı zəruri olduğu təqdirdə sənədləri yükləməli və “Göndər” düyməsini sıxmalıdır. Daha sonra bu Qaydaların 7-ci bəndində göstərilən qaydada ödəniş etməlidir.
5.6. Xüsusi əhali qrupuna aid şəxslərin (yazılı müraciət göndərməyə imkan verməyən dərəcədə fiziki sağlamlığı məhdud şəxslər) şifahi müraciətləri, habelə şəxsi kabinetin yaradılması Bizim tərəfimizdən icra oluna bilər.
5.7. Müştərinin identifikasiyası, müştərinin qeydiyyat və müraciətinə uyğun olaraq Xidmətlərin Müştəriyə göstərilməsinin zəruri şərtidir. Müştərinin identifikasiyası proseduru Müştərinin E-LEGAL-a müraciət etməsi formasından asılıdır. E-poçt (və ya mobil nömrə) vasitəsi ilə müraciət zamanı Müştəri fərdi məlumatlarını qeyd etməyi öz öhdəsinə götürür. Bu zaman əgər hüquqşünasda müraciət edən şəxsin həqiqətən də Müştəri olması ilə bağlı əsaslı şübhələr yaranarsa, o zaman yaranmış şübhələrin aradan qaldırılması üçün Müştəriyə əlavə suallar verə bilər.
5.8. Xidmətlər E-LEGAL tərəfindən Azərbaycan Respublikasının dövlət dilində göstərilir. Xidmətlər tərəflər arasında razılaşdırılan digər dillərdə də göstərilə bilər.
5.9. E-LEGAL-ın Xidmətləri yalnız 18 yaş və ya yuxarı yaşda olan şəxslər üçün nəzərdə tutulur. Şəxsi kabinet yaratmış şəxs 18 yaş və ya yuxarı yaşda olduğunu bəyan etmiş olur. 16 yaşdan 18 yaşa qədər şəxslər Xidmətlərdən müstəqil istifadə etmək üçün tam fəaliyyət qabiliyyətinə malik olduğunu təsdiq edən müvafiq məhkəmə aktını təqdim etməlidirlər.
5.10. 18 yaşdan kiçik şəxslər adından Xidmətlərdən yalnız Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq onların qanuni nümayəndələri və ya buna səlahiyyətli digər şəxslər müraciət edə bilər. Bu zaman müraciət edilən zaman müvafiq səlahiyyəti təsdiq edən sənədlər də əlavə edilməlidir.
5.11. İstifadəçi razılaşır ki, şəxsi kabinet yaratdığı andan onun e-mail adresinə E-LEGAL tərəfindən mütəmadi olaraq xəbərlər, xüsusi təkliflər və digər yeniliklər barədə məlumatlar göndərilə bilər. Müştəri istədiyi vaxt bu e-maillərə abunəliyini ləğv etmək hüququna malikdir.
6. Xidmətlərin göstərilmə müddəti və qaydası
6.1. Xidmətlərin göstərilmə müddəti Müştərinin müraciətinə əsasən E-LEGAL tərəfindən müəyyən edilmiş xidmət haqqının ödənildiyi andan etibarən hesablanmağa başlayır.
6.2. Müraciətin məzmununun dəqiqləşdirilməsi zamanı (əlavə materialların, sənədlərin təqdim olunması və s.) Xidmətlərin göstərilməsi müddəti dəqiqləşdirilmiş müraciətin daxil olması anından etibarən başlanır.
6.3. Yalnız şəxsi kabinet yaratmış və ya ASAN-Login vasitəsilə Portala daxil olmuş müştərilər müraciət göndərə bilərlər. Müştərilərin müraciətlərinin qəbul olunması və qeydə alınması 7/24 – hər gün 24 saat ərzində həyata keçirilir.
6.4. Müştərinin müraciəti qeydə alındıqdan sonra həmin müraciət E-LEGAL tərəfindən müvafiq hüquqşünasa yönləndirilir. Həmin hüquqşünas tərəfindən Xidmətin göstərilməsi ilə bağlı müvafiq araşdırmalar aparılır, rəy tərtib olunur, zərurət yaranarsa Müştəri ilə əlaqə saxlanılır.
6.5. Sənədlər müvafiq hüquqşünas tərəfindən bu Qaydaların 6.1 və 6.2-ci bəndləri nəzərə alınmaqla, 2-7 təqvim günü ərzində ekspertizadan keçirilir və ya hazırlanır. Xüsusi hallarda (qanunvericiliyin, hüquqi təcrübənin, materialların əlavə olaraq öyrənilməsi zərurəti, Müştəri tərəfindən təqdim olunan materialların çoxluğu və digər təxirəsalınmaz hallarda) Xidmətin icra müddəti Müştəri ilə qarşılıqlı razılaşdırılan müddətədək uzadıla bilər.
6.6. Xidmət, Müştərinin müraciətində göstərilən məsələnin tam şəkildə həllini tapdığı andan (hazırlanmış sənədlərin, onların ekspertizadan keçirilməsinə dair rəyin, hüquq məsləhətinə dair yazılı formada və ya videozənglə cavabın təqdim olunduğu, məhkəmə işləri üzrə müvafiq instansiya məhkəməsinin yekun aktının çıxarıldığı və digər xidmətlərə dair nəticələrin təqdim olunduğu andan) icra edilmiş hesab edilir.
6.7. Yazılı Xidmətin göstərilməsi üçün hazırlanmış müvafiq sənəd Müştərinin şəxsi kabinetinə göndərilir.
6.8. “Abunəlik paketi” xidməti müəyyən vaxt dövrünü əhatə edən, müxtəlif növ və həcmdə xidmətləri özündə birləşdirən, müvafiq müştəri qrupuna yönəlmiş xidmət paketlərini ehtiva edir. Bu xidmət çərçivəsində Müştəriyə E-LEGAL tərəfindən müvafiq bölmədə qeyd edilmiş Xidmətlər göstərilir.
6.9. Şifahi hüquq məsləhəti üzrə Xidmətin göstərilmə müddətləri
6.9.1. Şifahi hüquq məsləhəti xidməti Müştərinin müraciət etdiyi zaman seçimində göstərdiyi tarix və saatda (müraciət etdiyi vaxtdan ən tez 48 (qırx səkkiz) saatdan sonra) videozəng, müştərinin xüsusi istəyini nəzərə alaraq telefon nömrəsi vasitəsi ilə təqdim olunur.
6.9.2. Xüsusi hallarda (qanunvericiliyin, hüquqi təcrübənin, materialların əlavə olaraq öyrənilməsi zərurəti, Müştəri tərəfindən təqdim olunan materialların çoxluğu) yuxarıdakı bənddə göstərilən müddət 3 (üç) təqvim günündən çox olmamaqla uzadıla bilər. Bu halda Müştəri ilə əlaqə saxlanılaraq Tərəflər üçün ən uyğun hesab olunan görüş vaxtı seçilir.
6.9.3. Şifahi hüquq məsləhəti videozəng və ya adi zəng vasitəsi ilə 30 (otuz) dəqiqə ərzində həyata keçirilir. Əlavə müddət üçün Xidmətin davam etdirilməsinə görə Müştəri tərəfindən eyni növ Xidmət tarifi üzrə əlavə ödəniş edilməlidir.
6.10. Yazılı Xidmətin göstərilmə müddətləri
6.10.1. Sənədlərin ekspertizası və ya hazırlanması bu Qaydaların 6.5-ci bəndində göstərilən müddətdə icra olunur.
6.10.2. Yazılı hüquq məsləhəti Müştərinin müraciətinin qeydə alınması anından etibarən 72 (yetmiş iki) saat ərzində təqdim olunur.
6.10.3. Xüsusi hallarda (qanunvericiliyin, hüquqi təcrübənin, materialların əlavə olaraq öyrənilməsi zərurəti, Müştəri tərəfindən təqdim olunan materialların çoxluğu və ya qeyri-dəqiqliyi) yuxarıdakı bənd ilə nəzərdə tutulan müddət 4 (dörd) təqvim günü daha artırıla bilər.
6.10.4. Abunəlik formasında göstərilən müntəzəm yazılı Xidmətlər razılaşdırılmış hər təqvim dövrünün (həftənin, ayın, rübün) sonuncu günü ərzində təqdim olunur.
6.10.5. Abunəlik paketi üzrə Xidmətlər müştərinin sifarişlərinə uyğun olaraq tənzimlənir.
6.10.6. Portalda qeyd edilmiş digər yazılı Xidmətlərin göstərilməsi müddəti Müştərinin mənafeyi rəhbər tutularaq müraciətinin məzmunundan asılı olaraq E-LEGAL tərəfindən müəyyənləşdirilir.
7. Xidmət haqqı və ödəniş şərtləri
7.1. E-LEGAL tərəfindən təklif olunan Xidmətlərin haqqının məbləği Portalın müvafiq bölmələrində göstərilir.
7.2. Xidmət haqlarının məbləğlərinə E-LEGAL tərəfindən istənilən vaxt dəyişiklik edilə bilər. Lakin dəyişiklik anınadək Müştəri tərəfindən müraciət edilən Xidmətlər müraciət anındakı qiymətlərlə göstəriləcəkdir.
7.3. Ayrı-ayrı Xidmət növlərinə münasibətdə aşağıdakılar nəzərə alınmalıdır:
7.3.1. “Məhkəməyə müraciət” bölməsində yerləşdirilmiş “Şikayət” bölməsi istisna olmaqla digər bölmələr müvafiq 1-ci instansiya məhkəməsində, “Şikayətlər” bölməsi altında cəmləşdirilmiş “Məhkəmə qərardadından şikayət” alt bölməsi üzrə Xidmətlər qanunvericiliyə uyğun olaraq müvafiq qərardaddan şikayət verildiyi zaman təyin olunan məhkəmə instansiyasında, digər alt bölmələr üzrə (“Mülki iş üzrə apellyasiya şikayəti”, “Mülki iş üzrə Ali Məhkəməyə (kassasiya) şikayət”, “Konstitusiya məhkəməsinə şikayət” kateqoriyaları altında yerləşdirilmiş Xidmətlərə görə isə Müştərinin məhz həmin instansiya məhkəməsində təmsil edilməsi və/və ya həmin instansiyaya aid sənədlərin hazırlanması üçün xidmət haqqı nəzərdə tutulmuşdur. Müştəri müvafiq instansiya məhkəməsinin iş üzrə qərarından narazı qaldıqda yuxarı instansiya məhkələrinə müraciət sənədlərinin hazırlanması, habelə Müştərinin yuxarı instansiya məhkəmələrində təmsil olunması üçün həmin yuxarı instansiya məhkəmələri üzrə göstərilən Xidmətlərə uyğun olaraq Portalda müvafiq bölmədə qeyd edilən Xidmət haqqını ödəməlidir.
7.3.2. “Məhkəməyə müraciət” bölməsində yerləşdirilmiş Xidmətlərə görə müəyyən edilmiş xidmət haqları yalnız Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonu ərazisinə şamil olunur. Həmin ərazilərdən kənarda göstəriləcək Xidmətə görə işgüzar səfərlə bağlı əlavə xərclər Müştəri ilə qarşılıqlı razılığa əsasən təyin edilərək ödəniləcəkdir. Eləcə də məhkəməyə müraciət üçün dövlət rüsumu, vəkil orderinin haqqı və etibarnamə xərcləri (bundan sonra “Əlavə xərclər”) göstərilən xidmət haqqına daxil deyil və Müştəri tərəfindən öz hesabına müvafiq qurumlara ödənilməlidir. Qeyd edilən Əlavə xərclər və onların ödənilmə qaydası haqqında Müştəriyə E-LEGAL tərəfindən məlumat veriləcəkdir.
7.3.3. Sənədlərin ekspertizası və ya tərcüməsi xidməti üzrə qeyd olunan xidmət haqqı Times New Roman 12 şriftində, 1.5 sətirarası interval, sol kənarı 3 sm, digər kənarları isə 2 sm formatında hazırlanmış bir səhifə üçün nəzərdə tutulmuşdur. Müvafiq xidmət haqqı Müştəri tərəfindən yüklənmiş sənəd pdf formatında olduqda sənədin səhifə sayına uyğun olaraq Portalda quraşdırılmış alqoritm tərəfindən avtomatik, word fayl formatında olduqda isə Müştəri tərəfindən düzgün şəkildə bəyan edilmiş səhifə sayına uyğun olaraq hesablanır. Word fayl formatında sənədin ekspertizası zamanı Müştəri tərəfindən səhifə sayı yanlış bəyan edildikdə E-LEGAL tərəfindən səhifə sayı düzgün müəyyənləşdirilir və bu barədə müştəriyə məlumat verilir. 3 (üç) təqvim günü müddətində əksik səhifə sayına görə əlavə ödəniş edilmədikdə müvafiq inzibati xərclər çıxılmaqla Xidmətin icrasından imtina edilərək ödəniş geri qaytarılır.
7.4. Portalda müvafiq Xidmətin göstərilməsi üçün müraciət göndərildiyi andan Müştərinin həmin Xidmətə görə ödəniş etmək öhdəliyi yaranır.
7.5. Göstəriləcək Xidmətlərə görə ödənişlər qabaqcadan nağdsız qaydada ödənilir.
7.6. Müştəri Xidmətlərin göstərilməsi üçün müraciəti göndərdikdən sonra Portalda müvafiq bölmədə yerləşdirilmiş Xidmətə görə müəyyən edilmiş ödənişi etmək üçün avtomatik olaraq ödəniş səhifəsinə yönləndirilir. Xidmət haqqı həmin səhifədə onlayn qaydada ödənilir.
7.7. Müvafiq müraciət üzrə ödəniş həyata keçirilənədək Müştərinin müraciəti qəbul edilmir və E-LEGAL-ın Xidməti icra etmək öhdəliyini yaratmır.
7.8. Əgər E-LEGAL tərəfindən Müştəriyə Xidmət göstərilmişdirsə, ödənilmiş vəsait geri qaytarılmır.
7.9. Əgər E-LEGAL tərəfindən Müştəriyə Xidmət təqdim edilməmişdirsə, Müştəri ödənişi etdiyi andan etibarən aşağıdakı cədvəldə göstərilən müddətlər ərzində E-LEGAL-ın [email protected] elektron poçtuna Xidmətin ləğvi ilə bağlı müraciət etdikdə, E-LEGAL Müştəriyə ödənişin aşağıdakı cədvəldə göstərilən hissəsini geri qaytaracaqdır:
№ |
Ödəniş edildikdən etibarən ləğv barədə müraciət müddəti |
Xidmət haqqının qaytarılan hissəsi |
1 |
3 saat ərzində |
90 % |
2 |
6 saat ərzində |
70 % |
3 |
12 saat ərzində |
50 % |
4 |
18 saat ərzində |
30 % |
5 |
24 saat ərzində |
10 % |
6 |
24 saatdan sonra |
0 % |
Bu zaman ödənişin məbləği Müştərinin ödəniş edərkən istifadə etdiyi bank hesabına 30 (otuz) gün ərzində geri qaytarılır.
7.10. Bu Qaydaların 10.4-cü bəndində qeyd edilən hallardan biri olduqda, E-LEGAL Xidmətin göstərilməsindən birtərəfli şəkildə imtina etmək hüququnu özündə saxlayır. Bu zaman E-LEGAL tərəfindən bank əməliyyatları üzrə komissiyalar və 10.4-cü bənddə göstərilən halların araşdırılmasına sərf olunan vaxtın kompensasiya edilməsi məqsədilə xidmət haqqının 15%-i (on beş faizi) həcmində xərclər çıxılmaqla qalan məbləğ Müştəriyə geri qaytarılır.
8. Müştərinin hüquqları
8.1. Müraciətinə uyğun olaraq təyin olunan Xidmətlərin göstərilməsi müddəti ərzində Xidmətlərdən istifadə etmək;
8.2. Müştərilər üçün E-LEGAL tərəfindən təqdim olunan bütün güzəştlər və xüsusi təkliflərdən yararlanmaq;
8.3. Xidmətlərin təqdim olunmaması və ya lazımi keyfiyyətdə təqdim olunmaması, eləcə də hüquqşünas tərəfindən Müştərinin müraciətinə aid olmayan Xidmətin təqdim olunması hallarında bu barədə E-LEGAL-ı məlumatlandırmaq, etdiyi ödənişin müqabilində lazımi keyfiyyətdə Xidmətin təqdim olunmasını tələb etmək;
8.4. Portal haqqında, təqdim olunan Xidmətlərin həcmi və qiyməti haqqında zəruri və dəqiq məlumatı, eləcə də Xidmətlərin icra olunması vəziyyəti haqqında digər məlumatları əldə etmək;
8.5. Müştəri şəxsi kabinetini silmək istədikdə, əlaqə məlumatlarından istifadə edərək E-LEGAL ilə əlaqə saxlaya bilər;
8.6. Portaldan bu Qaydalar və qanunvericiliklə qadağan olunmayan şəkildə istifadə etmək;
8.7. Şəxsi kabinetindəki məlumatları (şifrə, e-poçt ünvanı, doğum tarixi, ad soyadı) dəyişdirmək;
8.8. Bu Qaydalarda nəzərdə tutulan digər hüquqlar.
9. Müştərinin (İstifadəçinin) vəzifələri
9.1. Portalda təklif olunan Xidmətlərdən yararlanmaq üçün qeydiyyat qaydalarına əməl edərək şəxsi kabinet yaratmalıdır və ya ASAN-Login vasitəsi ilə Portala daxil olmalıdır;
9.2. Xidmət müraciəti göndərdikdən dərhal sonra müvafiq xidmət haqqını bu Qaydalarda göstərilən qaydada ödəmək;
9.3. Müştərinin identifikasiyası və ona Xidmətlərin düzgün formada təqdim olunması məqsədilə tam və dəqiq informasiyanı E-LEGAL-a təqdim etmək (saxta məlumatlarla qeydiyyatdan keçmiş Müştərilərə həmin məlumatlar doğrusu ilə dəyişdirilənə qədər xidmət göstərilməyəcəkdir);
9.4. E-LEGAL-a ilk dəfə müraciət edən zaman hazırkı Qaydaların 12.2-ci bəndinin məqsədi üçün zəruri olan fərdi məlumatlarını təqdim etmək;
9.5. Azərbaycan Respublikasının qanunvericiliyinin tələblərini pozmamaq, eləcə də Xidmətlərin göstərilməsi üçün E-LEGAL-a müraciət edən zaman hər kəs tərəfindən qəbul olunmuş əxlaq və mənəviyyat normalarına riayət etmək;
9.6. Müştəri (İstifadəçi) bunları etməməlidir:
I. Başqa bir şəxsin hesabından qanunsuz istifadə etməklə Xidmətlərə müraciət etmək;
II. Başqa şəxsin razılığı olmadan E-LEGAL-ın Xidmətlərindən istifadə etmək üçün həmin şəxsin ödəmə kartlarından istifadə etmək;
III. Portalın məzmununa, dizaynına, mənbə kodlarına, fəaliyyətinə, habelə Portalla bağlı digər məsələlərə icazəsiz müdaxilə etmək, bütövlükdə və ya qismən surətini çıxarmaq, dəyişdirmək, törəməsini yaratmaq və ya hər hansı digər məqsədlərlə E-LEGAL sahibinin icazəsi olmadan Portalın malik olduğu bütün informasiya ehtiyatlarından istifadə etmək;
IV. Portal və ya onun bir hissəsi üçün tərs layihələndirmə aparmaq, mənbə kodlarını götürmək və ayırmaq, əks şifrələmə etmək və ya mənbə kodlarını əldə etməyə digər formada cəhd göstərmək;
V. Portalda olan hər hansı müəllif hüquqları, əmtəə nişanı və ya digər mülkiyyət hüququ bildirişlərini silmək və ya dəyişdirmək;
VI. E-LEGAL-ın göstərdiyi Xidmətlər vasitəsi ilə əldə etdiyi məlumatları, sənədləri E-LEGAL-ın razılığı olmadan şəxsi məqsədlər xaricində toplamaq, istifadə etmək, surətini çıxarmaq və ya paylaşmaq;
VII. Portalda bot proqramlarından və ya digər avtomatlaşdırılmış metodlardan istifadə etmək;
VIII. Saxta kimlik və ya başqa birinin kimliyindən istifadə edərək şəxsi kabinet yaratmaq;
IX. Xidmətlərdən və ya onun hər hansı məzmunundan kommersiya məqsədləri üçün istifadə etmək;
X. Portaldan digər qərəzli niyyətlərlə istifadə etmək.
9.7. Əgər bu Qaydalar ilə başqa hal nəzərdə tutulmamışdırsa, Xidmətlərdən şəxsən istifadə etmək;
9.8. Əgər başqa hal birbaşa bu Qaydalarda müəyyən olunmamışdırsa, göstərilən Xidmətlərdən Müştəri olmayan şəxslər tərəfindən istifadə olunmasına yol verməmək;
9.9. Xidmətlərin göstərilməsi zamanı ona məlum olmuş E-LEGAL haqqında məlumatları yaymamaq, toplamamaq, emal etməmək və ya hər hansı qərəzli şəkildə istifadə etməmək;
9.10. Hər hansı səlahiyyətsiz şəxsin Müştərinin şəxsi kabinet məlumatlarından xəbərdar olduğundan və ya Müştərinin şəxsi kabinetinə daxil olmasından şübhələndiyi təqdirdə, Müştəri bu barədə dərhal E-LEGAL-a məlumat verməlidir. Müştəri Xidmətlərdən hər hansı istifadəsi üçün və şəxsi kabinetindəki hər hansı fəaliyyəti üçün cavabdehdir. E-LEGAL Portalın təhlükəsizliyi ilə bağlı bütün zəruri texniki tədbirləri gördüyünə görə Müştəri tərəfindən şəxsi kabinetə giriş məlumatlarının bilərək və ya ehtiyatsızlıqdan başqa şəxsə keçməsinə və / və ya həmin şəxs tərəfindən Müştərinin şəxsi kabinetindəki hər hansı fəaliyyət üçün məsuliyyət daşımır.
9.11. Müştəri Portal vasitəsi ilə müraciəti göndərməzdən öncə E-LEGAL-ın “Xidmət şərtləri və Qaydaları” ilə tanış olmalı, bunu təsdiq etdiyini bildirən düyməni sıxmalıdır.
9.12. Azərbaycan Respublikasının qanunvericiliyi və hazırkı Qaydalarla nəzərdə tutulan digər vəzifələri icra etmək.
10. E-LEGAL-ın hüquqları
10.1. Müştərilərə Xidmətlərin göstərilməsi üçün üçüncü şəxsləri cəlb etmək və zəruri məlumatları onlarla paylaşmaq;
10.2. Müştəri tərəfindən təqdim olunan məlumatların, eləcə də Müştəri tərəfindən hazırkı Qaydaların şərtlərinin yerinə yetirilməsinin yoxlanmasını həyata keçirmək;
10.3. Müştərinin Qaydaların müddəalarını pozduğuna dair əsaslı şübhələr olduqda, belə şübhələr aradan qalxana kimi Xidmətin göstərilməsini müvəqqəti olaraq dayandırmaq;
10.4. Aşağıdakı hallarda Xidmətlərin icra olunmasından imtina etmək və / və ya Müştərinin (İstifadəçinin) Portaldan istifadəsini dayandırmaq:
10.4.1. Müştəri (İstifadəçi) hazırkı Qaydaların şərtini pozursa;
10.4.2. Xidmətlərin göstərilməsi Müştərinin E-LEGAL-a qarşı iddialarının meydana çıxması ilə əlaqədardırsa;
10.4.3. Xidmətlərin göstərilməsi Müştərinin hüquqazidd maraqlarından irəli gəlirsə;
10.4.4. Xidmətlərin göstərilməsi tətbiq olunan qanunvericiliyin tələblərinin, eləcə də cəmiyyətdə qəbul olunan mənəviyyat və əxlaq normalarının E-LEGAL tərəfindən pozulmasına səbəb olacaqsa;
10.4.5. Xidmətlərin göstərilməsi E-LEGAL-ın hüquqlarına və qanuni maraqlarına toxunursa;
10.4.6. Müştərinin dələduzluq hərəkətlərinə yol verdiyinə dair E-LEGAL-ın əsaslı şübhələri varsa.
10.5. Xidmətlərin göstərilməsi prosesində təqdim etdiyi istənilən məsləhət (şifahi və ya yazılı), müqavilələr, sazişlər, hüquqi rəylər, hesabatlar və digər sənədləri saxlamaq, ağlabatan müddətin keçməsindən sonra bu bənddə sadalanan hər hansı bir sənədi qüvvədə olan qanunvericiliyə uyğun məhv etmək.
11. E-LEGAL-ın vəzifələri
11.1. Hazırkı Qaydalarla, Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulan qayda və şərtlərlə Müştəriyə Xidmətləri göstərmək;
11.2. Xidmətlərin göstərilməsi məsələləri ilə bağlı zəruri məlumatları Müştəriyə təqdim etmək, ehtiyac yaranarsa, izah etmək;
11.3. Hazırkı Qaydalarla tanış olmaq imkanını Müştəri (İstifadəçi) üçün təmin etmək;
11.4. Hər bir Müştərinin fərdi məlumatlarının, o cümlədən Xidmətlərin icrası üçün təqdim etdiyi şəxsi və ailə həyatı sirrinin, kommersiya sirrinin təhlükəsizliyini təmin etmək;
11.5. Bu Qaydalar və Azərbaycan Respublikasının qanunvericiliyindən irəli gələn tələblərə riayət etmək.
12. Müştərinin fərdi məlumatları
12.1. E-LEGAL fərdi məlumatların toplanma, işlənmə və mühafizəsi ilə bağlı Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinin, eləcə də hazırkı Qaydaların müddəalarına müvafiq olaraq Müştərilərin fərdi məlumatlarının toplanması, işlənməsini və mühafizəsini həyata keçirir.
12.2. Müştəri şəxsi kabinet yaradarkən aşağıdakı məlumatları təqdim etməlidir:
- Telefon nömrəsi;
- Şifrə
- Ad, soyad və ata adı;
- E-poçt ünvanı.
12.3. Bundan əlavə, Müştəri müvafiq Xidmətə müraciət edərkən həmin Xidmətin düzgün formada göstərilməsi üçün Xidmətin məzmunundan asılı olaraq, Müştəri tərəfindən təqdim olunan əlavə məlumatlar, o cümlədən İstifadəçi və ya Müştəri barədə aşağıdakı analitik məlumatlar toplanır:
- Portala daxil olmaq üçün istifadə olunan cihaz barədə məlumatlar;
- Portala daxil olduğu ölkə;
- Veb bələdçinin növü və versiyası
- Cihazın əməliyyat sistemi
- İnternet xidməti təminatçıları
- Portalda sərf etdiyi vaxt, ziyarət vaxtı və saatı
- Portal vasitəsi ilə edilən müraciətlər haqqında məlumat
- Portalda ziyarət edilən bölmələr
12.4. E-LEGAL, İstifadəçi Portalı ziyarət etdikdə analitik və digər məlumatları toplamaq və saxlamaq üçün tanımlama məlumatları (çərəzlər) və veb-mayaklar da daxil olmaqla, müxtəlif texnologiyalardan istifadə edir. Tanımlama məlumatları Xidmətlərdən istifadəni asanlaşdırmağa və ziyarətçilərimizin məcmu məlumatlarını yaratmağa imkan verən, cihazınıza göndərilən və saxlanan kiçik mətn sənədləridir. Bu, Xidmətlərimizi inkişaf etdirməyə və İstifadəçilərimizə daha yaxşı xidmət etməyə kömək edir. Tanımlama məlumatları cihazınıza və ya fayllarınıza zərər verməyəcəkdir. Biz tanımlama məlumatlarından Xidmətlərimizi və Portalı İstifadəçilərimizin fərdi maraqlarına uyğunlaşdırmaq üçün istifadə edirik. Bəzi tanımlama məlumatları Xidmətlərimizin istifadəsi və fasiləsiz təminatı üçün tələb olunur (məsələn, seçdiyiniz ölkənin və dilin yaddaşda saxlanılması üçün istifadə olunur). Digər tanımlama məlumatları Xidmətlərin necə istifadə edildiyi barədə məlumat toplayır.
12.5. Veb-mayak veb-saytların və e-poçtların oxucularını eyniləşdirməyə imkan verən bir texnologiyadır (məsələn, e-poçtun oxunduğunun müəyyənləşdirilməsi).
12.6. E-LEGAL aşağıdakı məqsədlər üçün Müştərinin fərdi məlumatlarının toplanılmasını və işlənməsini həyata keçirir:
- Müştərinin identifikasiyası;
- Xidmətlərin Müştəriyə təqdim olunması və müqavilə öhdəliklərinin yerinə yetirilməsi
E-LEGAL, Müştəri ilə bağlanmış müqavilənin icra edilməsi məqsədilə tələb olunan Xidmətləri Müştəriyə təqdim etmək üçün fərdi məlumatları toplayır və işləyir. Məsələn, müraciətlərin icrası, Müştəri ilə əlaqə yaradılması, ödənişlərin geri qaytarılmasının (mümkün olduqda) idarə edilməsi, Xidmətlərin göstərilməsi üçün Hüquqşünaslara lazımi məlumatları vermək üçün məlumatlarınızın toplanılması və işlənilməsi;
- E-LEGAL-ın qanuni öhdəliklərinin yerinə yetirilməsi;
- Şikayətlərin araşdırılması və hüquqi prosedurlar üçün
Şikayətlərin araşdırılması, saxtakarlığın qarşısının alınması, Xidmətlərimizdən sui-istifadənin qarşısının alınması, məlumat, sistem və şəbəkə təhlükəsizliyi üçün məlumatların toplanılması və işlənilməsi;
- Xidmətlərin keyfiyyətinin yaxşılaşdırılması, onların rahat istifadə olunması, yeni xidmətlərin işlənib hazırlanması;
- Anonimləşdirilmiş məlumatlar əsasında statistik və digər tədqiqatların aparılması.
12.7. Müştəri hazırkı Qaydaların şərtlərini qəbul edərək razılaşır ki, E-LEGAL hazırkı Qaydaların 12.6-cı bəndində göstərilən məqsədlər üçün Müştərilərin fərdi məlumatlarının toplanmasını, işlənilməsini və mühafizəsini həyata keçirir.
12.8. Xidmətlərin göstərilməsi məqsədilə Müştəri tərəfindən təqdim olunan fərdi və konfidensial xarakterli məlumatlar yalnız milli və müvafiq beynəlxalq qanunvericiliklə nəzərdə tutulan tələblərə uyğun olaraq istifadə oluna bilər.
12.9. E-LEGAL Müştəriyə aid fərdi məlumatları aşağıdakı hallar istisna olmaqla kənar şəxslərə açıqlamayacaqdır:
- qanunvericilikdə göstərilən hallar (müştəri barəsində hüquq-mühafizə orqanları tərəfindən başlanılan cinayət işinin təhqiqatı, istintaqı zamanı, məhkəmələr tərəfindən icraatlarında olan işin həlli üçün əhəmiyyət daşıdıqda, digər dövlət orqanlarının Müştəri və ya İstifadəçi barəsində şikayəti araşdırması zamanı və digər hallarda həmin orqan və qurumlardan daxil olan rəsmi müraciətlər əsasında);
- Xidmətin icrası ilə bağlı E-LEGAL daxilində və ya cəlb olunmuş üçüncü şəxslə paylaşılması;
- E-LEGAL-ın birləşmə, satınalma və ya payların satışında iştirakı hallarında əlaqəli tərəfə məlumatlar ötürülə bilər.
Buna baxmayaraq, bütün fərdi məlumatların məxfiliyi təmin olunmağa davam edəcəkdir.
12.10. E-LEGAL, fərdi məlumatlarınızı qanuni olaraq icazə verilən müddətdən daha uzun müddətə saxlamır. Saxlama müddəti məlumatın xarakterindən və ya işlənilmə məqsədlərindən asılı olaraq dəyişə bilər.
12.11. E-LEGAL İstifadəçilərin təhlükəsizliyinin, göstərilən Xidmətlərin davamlılığının təmin olunması və toplanılan və işlənilən fərdi məlumatları qorumaq üçün inzibati, təşkilati, texniki və fiziki tədbirlərdən istifadə edir. Bu cür tədbirlərə şifrələmə, anonimləşdirmə, təhlükəsizlik divarı, təhlükəsizlik qurğuları və giriş hüququ sistemləri daxildir. Təhlükəsizlik tədbirləri məlumatların məxfiliyi, bütövlüyü, mövcudluğu və məlumatların bərpa edilməsi imkanını qorumaq üçün tətbiq edilir. E-LEGAL Portalı və təhlükəsizlik tədbirlərini mütəmadi olaraq sınaqdan keçirir.
13. Əqli mülkiyyət hüququ
13.1. Xidmətlərin Müştəriyə göstərilməsi prosesində ərsəyə gətirilən dizaynlar, nümunələr, raportlar, əlyazmalar, sənədləşdirmə, təlimatlar və digər əqli mülkiyyət obyektlərinə dair bütün hüquqlar, o cümlədən mülkiyyət hüququ E-LEGAL-a aiddir və E-LEGAL tərəfindən qorunub saxlanılır. Bu zaman bu cür obyektlərin yalnız şəxsi məqsədlər üçün müddətsiz istifadə olunması hüququ Müştəriyə təqdim olunur.
14. Mübahisələrin həlli
14.1. Hazırkı Qaydaların qəbul olunması və icra olunması ilə əlaqədar meydana çıxan bütün fikir ayrılıqları və ya mübahisələr imkan daxilində danışıqlar yolu ilə tənzimlənir.
14.2. Müştəri Xidmətlərin göstərilməsi ilə bağlı narazılığı, fikir ayrılığı və ya etirazları ilə bağlı yazılı müraciətlərini E-LEGAL-ın aşağıdakı ünvanına göndərə bilər:
- elektron poçt ünvanı: [email protected]
14.3. Əgər tərəflər arasında hər hansı bir səbəbdən məhkəməyə qədərki mərhələdə (danışıqlardan savayı, iddiaların yazılı şəkildə Müştəri tərəfindən təqdim olunmasından və E-LEGAL tərəfindən nəzərdən keçirilməsindən ibarət olan mərhələ) razılıq əldə olunmursa, o zaman E-LEGAL ilə Müştəri arasındakı bütün mübahisələrə qanunvericiliyə uyğun olaraq, mübahisələrin məhkəməyədək həlli proseduruna əməl edildikdən sonra, cavabdehin qeydiyyat ünvanı üzrə aidiyyəti məhkəmədə baxılacaqdır.
15. E-LEGAL-ın məsuliyyətinin məhdudlaşdırılması
15.1. E-LEGAL heç bir halda Azərbaycan Respublikasının qanunvericiliyinin müddəalarının rəsmi qaydada şərhini təqdim etmir və buna iddia etmir, habelə Azərbaycan Respublikasının qanunvericiliyinin müddəaları və hüquqi tətbiqlə bağlı təşəkkül tapan təcrübənin əsasında hüquqşünasın və E-LEGAL-ın toplanmış təcrübəsindən irəli gələn bütün xidmətləri təqdim edir. Bu Xidmətlər tövsiyyə xarakteri daşıyır.
15.2. Müştəri anlayır və qəbul edir ki, bu və ya digər Xidmətin göstərilməsi nəticəsində, müvafiq Xidmət üçün müraciət zamanı Müştərinin gözlədiyi nəticənin əldə edilməməsi Xidmətin lazımi keyfiyyətə malik olmamağı demək deyildir.
16. Yekun müddəalar
16.1. Bu Qaydalarda tənzimlənməyən münasibətlər Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun tənzimlənir və şərh olunur.
16.2. E-LEGAL istənilən zaman birtərəfli qaydada hazırkı Qaydalara dəyişikliklər etmək hüququna malikdir. Hazırkı Qaydalardakı bütün dəyişikliklər www.e-legal.az saytında və “E-LEGAL” mobil tətbiqində dərc olunur.
16.3. Hazırkı Qaydalara edilən bütün Əlavələr hazırkı Qaydaların ayrılmaz hissələridir.
16.4. Hazırkı Qaydalar, ona edilən dəyişikliklər və əlavələr E-LEGAL-ın www.e-legal.az saytında və “E-LEGAL” mobil tətbiqində dərc olunduğu andan etibarən qüvvəyə minir.