İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında Qanunda dəyişiklik edilmişdir
11 aprel 2023-cü il tarixli 861-VIQD nömrəli Qanun ilə “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Qanunda dəyişiklik edilmişdir.
Belə ki, dəyişikliyə əsasən qanunla informasiya sistemlərinin, avtomatlaşdırılmış idarəetmə sistemlərinin və informasiya-kommunikasiya şəbəkələrinin sahiblərinin (istifadəçilərinin) vəzifələri artırdı. Belə ki, həmin subyektlər kritik informasiya infrastrukturu obyektlərinin müəyyən edilməsi məqsədilə səlahiyyətli orqan tərəfindən sorğu edilən məlumatları həmin orqana 30 gün müddətində təqdim etməlidirlər.
Bununla yanaşı, qanunla kibertəhlükəsizlik xidməti provayderinin təsisçisi və onun səlahiyyətli nümayəndəsi, habelə provayderin kritik informasiya infrastrukturunun təhlükəsizliyi üzrə fəaliyyətinə rəhbərlik edən şəxslərə və bu fəaliyyətə cəlb edilmiş digər şəxslərə dair əlavə tələblər müəyyən edildi. Belə ki, həmin şəxslər qismində Azərbaycan vətəndaşlarından başqa şəxslər çıxış edə bilməz.
Bu Qanun 23 may 2023-cü ildə qüvvəyə minmişdir.