İnternet vasitəsilə elektron ticarəti həyata keçirən qeyri-rezidentlər barədə Qayda
İnternet informasiya ehtiyatı vasitəsilə elektron ticarəti həyata keçirən qeyri-rezident dedikdə internet informasiya ehtiyatı vasitəsilə xidmətlərin göstərilməsi və işlərin görülməsi, o cümlədən elektron kitabların, musiqinin, audio və video materialların, qrafik təsvirlərin, virtual oyunların, proqram təminatlarının yüklənməsi, reklamların yerləşdirilməsi, digər analoji iş və xidmətlər üzrə satıcı (təchizatçı) kimi çıxış edən qeyri-rezident nəzərdə tutulur.
Qaydaya əsasən rezidentlərə elektron ticarət qaydasında internet informasiya ehtiyatı vasitəsilə rezidentlərə işləri və xidmətləri təqdim edən və Azərbaycan Respublikasında daimi nümayəndəlik vasitəsilə fəaliyyət göstərməyən qeyri-rezidentlər ƏDV-nin məqsədləri üçün elektron qaydada vergi uçotuna alınır.
Qeyri-rezident vergi uçotuna alınmaq üçün Qaydada tələb olunan məlumatları və sənədləri Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsində yaradılmış Elektron ticarət iştirakçılarının vergi inzibatçılığına dair platformasına daxil etməlidir. Məlumatların Qaydalara uyğunluğu Dövlət Vergi Xidməti tərəfindən 20 işi günü ərzində yoxlanılır, uyğunluğu təsdiqləndiyi halda qeyri-rezident uçota alınaraq VÖEN təqdim edilir. Platformaya daxil olmaq üçün qeyri-rezidentə avtomatik qaydada login və parol təqdim edilir.
Uçota alınmış qeyri-rezidentlər təqdim etdikləri xidmətlər və gördükləri işlər üzrə ƏDV öhdəliklərini Vergi Məcəlləsinə uyğun olaraq ümumi qaydada bəyan etməli və ödəməlidirlər. Bu zaman Vergi Məcəlləsinin 169-cu maddəsinə əsasən ƏDV məqsədləri üçün vergi agenti hesab edilən şəxslər tərəfindən qeyd edilən əməliyyatlar üzrə qeyri-rezidentin adından ƏDV hesablanmır və bəyan edilmir.
Qaydaya əsasən, müvafiq qeyri-rezidentlər tərəfindən aşağıda qeyd edilən şərtlərdən hər hansı biri ödənildiyi halda bəyannamə təqdim edilir:
- işləri və xidmətləri qəbul edən (alan) rezident şəxs ödənişi Azərbaycan Respublikasında yerləşən yerli bank, xarici bankın Azərbaycan Respublikasındakı filialı, poçt rabitəsinin milli operatoru və ya digər ödəniş xidməti təchizatçıları vasitəsilə həyata keçirdikdə;
- işləri və xidmətləri qəbul edən (alan) rezident şəxs Azərbaycan Respublikasında yerləşdikdə;
- işləri və xidmətləri almaq üçün həmin işləri və xidmətləri qəbul edən (alan) rezident şəxsin istifadə etdiyi cihazın IP ünvanı Azərbaycan Respublikasında yerləşdikdə;
- işləri və xidmətləri almaq və ya ödənişi etmək üçün rezident şəxsin istifadə etdiyi mobil operatorların ölkə kodu Azərbaycan Respublikasına aid olduqda.
Qaydada elektron qaydada vergi uçotuna alınan qeyri-rezidentlərin uçotdan çıxarılması halları aşağıdakı kimi əksini tapmışdır.
- Uçota alınma ilə bağlı təqdim edilən məlumatlarda və sənədlərdə sonradan düzgün olmayan və (və ya) təhrif olunmuş məlumatlar aşkar edildikdə;
- Vergi orqanının ƏDV bəyannaməsinin təqdim edilməsi və/və ya ƏDV öhdəliyinin ödənilməsi üzrə xəbərdarlığından sonra 30 (otuz) iş günü müddətində bəyannamə təqdim edilmədikdə və/və ya ƏDV öhdəliyi ödənilmədikdə;
- Qeyri-rezident uçotdan çıxmaq ilə bağlı özü müraciət etdikdə;
- Qeyri-rezidentin fəaliyyətinə xitam verildikdə.
Qaydaya əsasən, uçotdan çıxarılan qeyri-rezident təkrar müraciət etdikdə, yenidən uçota alınır (bu şərtlə ki, yenidən uçota alındıqdan sonra qeyri-rezident tərəfindən əvvəlki öhdəliklər yerinə yetirilsin).