Payların (səhmlərin) cəmiyyətə qarşı olan tələblərin əvəzləşdirilməsi
Azərbaycan Respublikasının Mülki Məcəlləsinə dəyişiklik edilməsi haqqında 5 dekabr 2023-cü il tarixli Azərbaycan Respublikası Qanuna əsasən payların (səhmlərin) tələblərlə əvəzləşdirilməsi yolu ilə əldə edilməsi mexanizminə icazə veriləcəkdir. Belə ki, cəmiyyətə qarşı pul tələbinə malik olan şəxslər məhdud məsuliyyətli cəmiyyətin iştirakçılarının yekdil qərarı (səhmdar cəmiyyətinin səhmdarlarının üçdə iki səs çoxluğu) əsasında pul tələblərini əvəzləşdirməklə və məhdud məsuliyyətli cəmiyyətin iştirakçısı (səhmdar cəmiyyətin səhmdarı) olmaqla nizamnamə kapitalına maya qoymaq (səhmdar cəmiyyətinin səhmlərini ödəmək) vəzifəsindən azad oluna bilərlər.
Bununla bağlı həmçinin nəzərdə tutulmuşdur ki, cəmiyyətin təsərrüfat fəaliyyəti nəticəsində ödənilməmiş zərəri onun nizamnamə kapitalından artıq olduğu halda, həmin artıq məbləğlə iştirak payı (əlavə buraxılmış səhm) ilə əvəzləşdirilməsi nəzərdə tutulan borc məbləği arasındakı fərq əlavə maya qoyulması (əlavə səhm buraxılması) hesabına aradan qaldırıldıqda cəmiyyətə qarşı pul tələblərinin
əvəzləşdirilməsinə yol veriləcəkdir.
Bu dəyişiklik 1 yanvar 2024-cü il tarixindən qüvvəyə minmişdir.