Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində dəyişiklik
Dəyişiklik müvəqqəti yaşayış icazəsinin (MYİ) və daimi yaşayış icazəsinin (DYİ) alınması və müddətinin uzadılması üçün qaydalara dəyişiklik edilməsini nəzərdə tutur.
MYİ alınması və müddətinin uzadılması üzrə meyarlarla bağlı dəyişikliklər:
1) Ölkə iqtisadiyyatına azı 500.000 manat məbləğində investisiya qoyuluşu ilə bağlı meyar genişləndirilmişdir və ümumi məbləğə dövlət qiymətli kağızları, daşınmaz əmlak və əmanətlərin həddi də daxil edilir.
2) Yeni əsas əlavə olunmuşdur: Nominal dəyəri azı 100.000 manat olan dövlət qiymətli kağızlarına və ya eyni həcmdə paylarının (səhmlərinin) 51 və daha artıq faizi dövlətə məxsus olan hüquqi şəxslərin investisiya qiymətli kağızlarına malik olmaq . Bu əsasla MYİ alan şəxslərin siyahısı 3 iş günü ərzində Dövlət Miqrasiya Xidməti tərəfindən Milli Depozit Mərkəzinə göndərilməlidir. Belə qiymətli kağızların ümumi nominal dəyəri 100.000 manatdan aşağı düşdükdə və ya həmin qiymətli kağızlar özgəninkiləşdirildikdə bu barədə Dövlət Miqrasiya Xidmətinə məlumat verilməlidir.
3) Hüquqi şəxsin rəhbər vəzifəsini tutan və ya hüquqi şəxsin paylarının (səhmlərinin) azı 51 faizinə sahib şəxs o halda MYİ almaq hüququna malikdir ki, (i) hüquqi şəxs Azərbaycan Respublikasında təsis edilmiş olsun, (ii) təsisçisi və ya təsisçilərdən ən azı biri xarici hüquqi və ya fiziki şəxs olsun və (iii) ödənilmiş nizamnamə kapitalı İqtisadiyyat Nazirliyi (Nazirlik) tərəfindən təsdiq edilmiş miqdardan az olmasın.
4) sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslər, bir şərtlə ki işçilərinin azı 80%-i aşağıda nəzərdə tutulan şəxslərdən olsun:
4.1. Azərbaycan Respublikasının ərazisində DYİ-si olanlar;
4.2. Azərbaycan Respublikasının vətəndaşı ilə nikahda olanlar, bir şərtlə ki, həmin vətəndaş Azərbaycan Respublikasının ərazisində yaşayış yeri üzrə qeydiyyatda olsun;
4.3. Qaçqın statusunun verilməsi üçün vəsatət verən, qaçqın statusu almış və ya siyasi sığınacaq verilmiş şəxslər;
4.4. İnsan alverindən zərər çəkmiş hesab edilən və ya cinayət təqibi orqanlarına yardım göstərən şəxslər;
4.5. Himayəsində 18 yaşına çatmamış və ya əlilliyi müəyyən edilmiş Azərbaycan Respublikasının vətəndaşı olanlar.
Qeydlər:
1. 3 və 4-cü bəndlər investisiya təşviqi sənədinə və ya “Startap” şəhadətnaməsinə malik olan, müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş iqtisadi rayonlarda fəaliyyət göstərən sahibkarlıq subyektlərinə, habelə qeyri-kommersiya hüquqi şəxslərinə, sənaye parkının, sənaye məhəlləsinin və aqroparkın rezidentlərinə şamil olunmur.
2. 3 və 4-cü bəndlərdə nəzərdə tutulan əsaslarla azı 1 il Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamış əcnəbiyə və vətəndaşlığı olmayan şəxsə münasibətdə həmin hallar o vaxt müvəqqəti yaşamaq icazəsinin verilməsi (müddətinin uzadılması) üçün əsas hesab edilir ki, onların dövriyyəsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi həcmdə olsun. Bu halda MYİ üçün müraciət zamanı vergi orqanından əldə edilmiş və son bir ilin vergi bəyannaməsi üzrə dövriyyəni təsdiq edən sənəd təqdim edilir.
DYİ ilə bağlı dəyişikliklər
Əvvəllər DYİ üçün müraciət etməsi nəzərdə tutulan şəxslər artıq yalnız aşağıdakı hallarda DYİ almaq hüququna malik olacaqlar:
1. Atası, anası, əri (arvadı), övladı, bacısı və ya qardaşı Azərbaycan Respublikasının vətəndaşı olduqda;
2. ölkə iqtisadiyyatına qoyduğu investisiya məbləğinin cəmi azı 500.000 manat olduqda;
3. Azərbaycan Respublikasında fəaliyyət göstərən banklarda müddətli əmanət müqaviləsi əsasında azı 200.000 manat məbləğində pul vəsaiti olduqda (bu şəxslərin siyahısı müvafiq banklarda saxlanılır);
4. nominal dəyəri azı 200.000 manat olan dövlət qiymətli kağızlarına və ya eyni həcmdə paylarının (səhmlərinin) 51 və daha artıq faizi dövlətə məxsus olan hüquqi şəxslərin investisiya qiymətli kağızlarına malik olduqda (belə şəxslərin siyahısı Milli Depozit Mərkəzində saxlanılır).
5. Azərbaycan Respublikasının ərazisində azı 200.000 manat dəyərində daşınmaz əmlakı olduqda;
6. İqtisadiyyat, sənaye, hərbi, elm, mədəniyyət, idman və digər sahələr üzrə yüksək səviyyəli mütəxəssis olduqda;
7. Azərbaycan Respublikasının ərazisində daimi yaşayan əcnəbi və ya vətəndaşlığı olmayan şəxsin ailə üzvü olduqda;
8. Xarici hüquqi şəxsin Azərbaycan Respublikasındakı filial və nümayəndəliyinin rəhbəri və onun müavini vəzifəsini tutduqda;
9. Nizamnamə kapitalı və dövriyyə tələblərini qarşılayan və Azərbaycan Respublikasında təsis edilmiş hüquqi şəxsin təsisçisi və ya təsisçilərindən biri olduqda;
10. Azərbaycan Respublikasında sahibkarlıq fəaliyyəti ilə məşğul olduqda, o şərtlə ki, dövriyyə tələbi qarşılanmış olsun.
Nizamnamə kapitalı və dövriyyə ilə bağlı tələblər qeyri-kommersiya hüquqi şəxslərə şamil olunmur.
DYİ-nin alınması və ya müddətinin uzadılması üçün əsas Qanun qüvvəyə minənədək DYİ almış şəxslərin də DYİ alması və ya müddətini uzatması üçün əsas hesab edilir.
Qanun 16 may 2023-cü il tarixində qüvvəyə minmişdir.