Sahibkarlıq sahəsində aparılan yoxlamaların və sahibkarların maraqlarının müdafiəsinin tənzimlənməsi
Azərbaycan Respublikasının 9 iyun 2023-cü il tarixli 903-VIQD nömrəli Qanunu ilə “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda aşağıdakı dəyişikliklər edilmişdir:
1) “Yoxlama obyektinin” anlayışı və əhatə dairəsi müəyyənləşdirildi.
Dəyişikliklərə əsasən “yoxlama obyektinin” əhatə dairəsinə aşağıdakılar aid edilmişdir:
- sahibkarın məcburi tələblər müəyyən edilən malların təqdim edilməsi, işlərin görülməsi və xidmətlərin göstərilməsi üzrə fəaliyyəti;
- sahibkarlıq fəaliyyəti ilə əlaqədar sahibkarın mülkiyyət hüququ ilə və digər qanuni əsasla sahiblik etdiyi və məcburi tələblər müəyyən edilən əmlakı, habelə sahibkarın struktur bölməsi;
- sahibkara məxsus və məcburi tələblər müəyyən edilən mallar, işlər və xidmətlər;
2) Sahibkarlıq sahəsində aparılan yoxlamalar üzrə yoxlayıcı orqanın və sahibkarın hüquq və vəzifələri müəyyən edilmişdir:
Dəyişiklik nəticəsində yoxlama prosesi zamanı yoxlayıcı orqanın və sahibkarın hüquq və vəzifələri dəqiqləşdirilmişdır. Belə ki, yoxlama prosesinin iştirakçılarının hüquq və vəzifələrinə dair bir sıra məcburi tələblər müəyyən edilmişdir.
3) Yoxlayıcı orqanın fəaliyyətinin qiymətləndirilməsi prosesi nəzərdə tutulmuşdur:
Bu dəyişikliyə əsasən yoxlayıcı orqanlar fəaliyyətlərinin qiymətləndirilməsi barədə müvafiq hesabatlar hazırlamalı və onları hər növbəti ilin fevralın 15-dək Hökumətə təqdim etməlidirlər.
4) Risklərin idarə olunması sistemi üzrə tənzimləmələr nəzərdə tutulmuşdur:
Bu tənzimləmələrə əsasən, risklərin idarə olunması sistemi sahibkarın risk qrupunun müəyyən edilməsi, riskin azaldılması, habelə yol verilən risk səviyyəsinin təmin edilməsi məqsədilə yoxlayıcı orqan tərəfindən risklərin müəyyənləşdirilməsi, risklərin təhlili və risklərin qiymətləndirilməsi üzrə tədbirlərdən ibarətdir.
Bununla yanaşı, bu tədbirlər çərçivəsində yoxlama obyektlərinin məcburi tələblərə uyğun gəlməsi və risk yaratmaması üçün yoxlayıcı orqan tərəfindən müvafiq tədbirlərin görülməsi ilə bağlı qərar qəbul ediləcəkdir.
Müvafiq dəyişikliklər 7 iyul 2023-cü il tarixindən etibarən qüvvəyə minmişdir.