Mülki Məcəllənin əqdlər, borc və kredit müqavilələri ilə bağlı müddəalarına dəyişikliklər edildi!
Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əqdlər, borc və kredit müqavilələri ilə bağlı olan müddəalarına aşağıdakı dəyişikliklər edilmişdir:
1) Elektron və ya digər texniki vasitələrin köməyi ilə bağlanılmış əqdlərin də yazılı əqdlər hesab edilməsi ilə bağlı göstəriş nəzərdə tutulmuşdur.
2) Faizdən faiz ödənilməsinin yolverilməzliyi ilə bağlı müddəa Mülki Məcəllədən çıxarılmışdır.
3) Borc və kredit müqavilələrinin anlayışı və tənzimləməsi ilə bağlı müddəalar bir-birindən fərqləndirilmiş və istehlak kredit müqaviləsi ilə bağlı müddəalar Mülki Məcəlləyə əlavə edilmişdir:
1. Borc müqaviləsinə edilən dəyişikliklər:
a) “Borcun verildiyi gün” anlayışı Mülki Məcəlləyə əlavə edilmişdir. Belə ki, borcalanın və ya onun göstərdiyi üçüncü şəxsin borc müqaviləsinin predmetinə sərəncam hüququnun yarandığı gün borcun verildiyi gün hesab olunur.
b) Nizamnamə kapitalındakı payın (səhmin) alınması məqsədilə borc verilməsi və ya həmin payın (səhmin) borc öhdəliyinin icrasının təminatı qismində çıxış etməsi qadağan edilmişdir.
c) Borc müqaviləsi üzrə faizlərin müəyyənləşdirilməsi və hesablanması qaydası göstərilmişdir:
- borcverən borcalandan müqavilədə nəzərdə tutulmuş qaydada və məbləğdə faiz almaq hüququna malikdir;
- borcdan istifadəyə görə faiz nəzərdə tutulubsa və müvafiq məbləğ müqavilədə müəyyənləşdirilməyibsə, həmin məbləğ Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilən uçot dərəcəsinə iki faiz bəndi əlavə etməklə hesablanır;
- faizlər, o cümlədən gecikdirilmiş vaxt üçün hesablanan faizlər və digər haqlar yalnız borcun qaytarıldığı günədək ödənilməmiş əsas borc qalığı məbləğinə hesablanır;
- borc müqaviləsi üzrə faizlər və (və ya) haqlar müqavilənin qüvvədə olduğu hər bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, faizlər və (və ya) haqlar borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir.
- gəlir əldə etmək məqsədilə müntəzəm olaraq, habelə qeyri-məhdud subyektlərə pul vəsaitlərinin borc verilməsi yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs tərəfindən həyata keçirilə bilər.
d) Borc almaq və borc vermək öhdəliyinin birtərəfli ləğvi qaydası müəyyənləşdirilmişdir:
- borcalan borc müqaviləsi predmeti ona verilənədək borcun alınmasından tam və ya qismən birtərəfli qaydada imtina edə bilər;
- borcalanın əmlak vəziyyətinin əhəmiyyətli dərəcədə pisləşməsi və ya borcalanın borcverənə hər hansı yanlış məlumat verməsi səbəbindən borcun vaxtında qaytarılmayacağı açıq-aşkar bəlli olduqda, yaxud borcalan borcun verilməsi üçün borc müqaviləsində nəzərdə tutulmuş öhdəliyini icra etmədikdə, o cümlədən təminat təqdim etmədikdə, borcverən borc vermək öhdəliyini tam və ya qismən icra etməkdən birtərəfli qaydada imtina edə bilər.
e) Borcun qaytarılması ilə bağlı müddəalar
- borcalan borcu (həmçinin faizləri və (və ya) haqları) borc müqaviləsində nəzərdə tutulan müddətdə və qaydada borcverənə qaytarmalıdır;
- borcun qaytarılması üçün müqavilədə müddət müəyyənləşdirilmədikdə borcverən borcun qaytarılmasını istənilən vaxt tələb edə bilər. Borcverənin icra tələbini almış borcalan bir ay müddətində borcu qaytarmalı, habelə faizləri və (və ya) haqları ödəməlidir, bu şərtlə ki, tərəflərin razılaşması ilə daha uzun müddət nəzərdə tutulmasın.
- Mülki Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcalan borcun verildiyi gündən qaytarıldığı günədək hesablanmış faizləri və (və ya) haqları ödəməklə, borcu vaxtından əvvəl qaytara bilər.
2. Kredit müqaviləsi ilə bağlı edilən dəyişikliklər
a) Kredit müqaviləsinin anlayışı yeni redaksiyada verilmişdir. Kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür;
b) Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər;
c) Kredit müqaviləsi tərəflər arasında yazılı formada bağlanılır və kredit müqaviləsinin bir nüsxəsi borcalana verilir;
d) Kredit müqaviləsi üzrə faktiki illik faiz dərəcəsi Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi qaydaya uyğun olaraq hesablanır.
e) Kredit müqaviləsində ayrı hal nəzərdə tutulmadıqda, kredit üzrə ödənişlərin gecikdirilməsinə görə faizlər kredit müqaviləsində nəzərdə tutulan illik faiz dərəcəsinə pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edilmə günü üçün Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən müəyyən edilən uçot dərəcəsi əlavə edilməklə hesablanır. Bu maddədə müəyyən edilən həddə gecikdirilmə faizləri tətbiq edildikdə, əlavə dəbbə pulu (cərimə, penya) və ya digər formada hər hansı ödəniş tələb edilməsi qadağandır.
f) Borcverənin kredit müqaviləsindən irəli gələn tələbləri üzrə iddia müddəti bir ildir.
3. İstehlak kredit müqaviləsi ilə bağlı yeniliklər
a) İstehlak krediti müqaviləsinə görə borcverən sahibkarlıq və ya peşə fəaliyyəti ilə bağlı olmayan məqsədlər üçün fiziki şəxs olan borcalana (istehlakçı) pul vəsaitini borc verməyi, istehlakçı isə aldığı borcu faizlər və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə müqavilə ilə müəyyən edilmiş qaydada və müddətdə qaytarmağı öhdəsinə götürür;
b) İstehlak kredit müqavilələrinə şamil edilməyən kredit müqavilələrinin əhatə dairəsi müəyyənləşdirilmişdir;
c) İstehlak krediti müqaviləsi yazılı formada tərtib edilir. Bununla yanaşı, istehlak krediti müqaviləsinin məsafədən bağlanılmasına dair tələblər də müəyyənləşdirilmişdir;
d) İstehlak krediti müqaviləsində ödənişlərin gecikdirilməsinə görə faizlər nəzərdə tutulduqda, həmin faizlərin məbləği istehlak krediti müqaviləsində nəzərdə tutulan illik faiz dərəcəsinə beş faiz bəndi əlavə edilməklə hesablanan məbləğdən çox ola bilməz. Bu halda əlavə dəbbə pulu (cərimə, penya), komissiya və ya digər formada hər hansı ödəniş tələb edilə bilməz. Gecikdirilmə faizlərinin hesablanması 180 gündən çox davam edə bilməz. Əgər borcverənə dəyən zərər gecikdirilmə faizlərinin məbləğindən çoxdursa, borcverən istehlakçıdan həmin məbləğdən çox olan hissədə zərərin əvəzini ödəməyi tələb edə bilər.
e) Borcverənin istehlak krediti müqaviləsinin hər hansı şərtini birtərəfli qaydada dəyişdirə bilməsi qadağan edilmişdir. Bu tələb istehlakçının vəziyyətini yaxşılaşdıran, o cümlədən borc yükünü yüngülləşdirən hallara şamil edilmir.