"Hökmran mövqedən sui- istifadənin obyektiv zəruriliyinin və səmərəliliyinin qiymətləndirilməsi"
20 dekabr 2024-cü il tarixində Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən “Hökmran mövqedən sui- istifadənin obyektiv zəruriliyinin və səmərəliliyinin qiymətləndirilməsi Qaydaları” (bundan sonra “Qaydalar”) təsdiq edilmişdir.
Qaydalar Azərbaycan Respublikası Rəqabət Məcəlləsinə əsasən hökmran mövqedən sui-istifadənin obyektiv zəruriliyinin və səmərəliliyinin qiymətləndirilməsinin əsaslarını müəyyən edir.
Hökmran mövqedən sui-istifadə edən təsərrüfat subyektləri rəqabət komissiyasının iş qaldırılması qərarının təqdim edilməsindən 30 gün ərzində hərəkətlərinin obyektiv zəruriliyinin və səmərəliliyinin qiymətləndirilməsi üçün vəsatət verə bilərlər. Qeyd edilən müddətdən sonra təqdim edilən vəsatətin qəbul edilməsi isə yalnız rəqabət komissiyasının müvafiq qərarı ilə mümkün olacaqdır.
Vəsatətdə sui-istifadə hərəkətlərinin iqtisadi mahiyyəti, predmeti, məqsədi, texniki və iqtisadi xüsusiyyətləri, əlaqəli olduğu məhsulların əhatə dairəsi, tətbiq edildiyi coğrafi ərazi, başlandığı tarix göstərilməlidir. Bundan əlavə, təsərrüfat subyektinin zəruri hesab etdiyi digər məlumat da vəsatətdə qeyd edilə bilər.
Aşağıdakı hallardan ən azı üçünün sübut edilməsi nəticəsində təsərrüfat subyektinin obyektiv zərurət və ya səmərəliliklə bağlı əsaslandırması qənaətbəxş hesab ediləcək (2-ci və 6-cı bənddə qeyd olunan halların eyni zamanda olması istisna olmaqla):
-
Hökmran mövqedən sui-istifadə nəticəsində miqyas iqtisadiyyatının əldə edilməsi və 1 il ərzində müvafiq bazarda məhsul istehsalının ən azı 40% və ya ixracının ən azı 20% artması;
-
Hökmran mövqedən sui-istifadə nəticəsində müvafiq bazara aid olmayan innovativ məhsul istehsalının mümkün olması;
-
Hökmran mövqedən sui-istifadə nəticəsində bazarda 1 il ərzində birbaşa investisiyaların (dövlət büdcəsindən ayrılan vəsait istisna olmaqla) əvvəlki illə müqayisədə 20% artması;
-
Texniki imkanların məhdudluğu səbəbindən hökmran mövqedə olan təsərrüfat subyektinin rəqabətli şəraitdə fəaliyyət göstərə bilməməsi, məhsul istehsalı və ya satışının mümkün olmaması;
-
Məhsulun istehsalı ilə əlaqədar xüsusi keyfiyyət və (və ya) əqli mülkiyyət hüquqları meyarlarının olduğu halda hökmran mövqedən sui-istifadə etmədən məhsul istehsalı və satışının qeyri-effektiv olması;
-
Mühüm əhəmiyyətli resursun ümumi istifadəyə açılmasının dövlət təhlükəsizliyi, istehlakçı sağlamlığı və ictimai asayişin pozulmasına yol açmasına dair mənbəyi bəlli məlumatın olması;
-
Sui-istifadə hallarının daxili tələb həcmi yüksək olan və ölkə daxilində istehsal edilməyən məhsulun idxalı zamanı xaricdə fəaliyyət göstərən təsərrüfat subyekti ilə eksklüziv təchizat sisteminin tətbiqi nəticəsində yaranması.
Qaydalara əsasən hökmran mövqedən sui-istifadənin obyektiv zəruriliyini və ya səmərəliliyini əsaslandırmaq və sübut etmək öhdəliyi təsərrüfat subyektlərinə aiddir. Həmçinin, hökmran mövqedən sui-istifadənin qənaətbəxş hesab edilməsi yalnız buna imkan verən şərtlərin ödənildiyi müddətdə qüvvədə ola bilər.