Miqrasiya Məcəlləsinə dəyişiklik edilmişdir
Miqrasiya Məcəlləsinə dəyişiklik edilmişdir 29 dekabr 2024-cü il tarixli 124-VIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə Miqrasiya Məcəlləsinə (“Məcəllə”) dəyişiklik edilmişdir.
Dəyişikliyə əsasən yüksəkixtisaslı miqrant anlayışı Məcəlləyə əlavə edilmişdir. Belə ki, yüksəkixtisaslı miqrant dedikdə yüksəkixtisaslı mütəxəssislərin Azərbaycan Respublikasında haqqı ödənilən əmək fəaliyyətinə cəlb edilməsi imkanlarının genişləndirilməsi məqsədilə tətbiq edilən proqram çərçivəsində müraciətləri müsbətcavablandırılmış əcnəbilər və vətəndaşlığı olmayan şəxslər nəzərdə tutulur.
Yüksəkixtisaslı miqrantlara münasibətdə Məcəlləyə edilmiş dəyişikliklər aşağıdakı kimidir:
İş icazəsi
-
Yüksəkixtisaslı miqrantlar mütəxəssis olduğu sahə üzrə fəaliyyət göstərdikdə onlardan iş icazəsinin alınması tələb olunmayacaqdır.
-
İşəgötürənin işçi qüvvəsinə olan tələbatının yerli əmək ehtiyatları hesabına ödənilməsinin mümkün olması və əmək miqrasiya kvotasının dolması halları ilə iş icazəsinə imtina verilməsi yüksəkixtisaslı miqrantın ərinə (arvadına) və 23 yaşına çatmamış övladlarına şamil edilməyəcəkdir.
-
İşəgötürənin işçi qüvvəsinə olan tələbatının yerli əmək ehtiyatları hesabına ödənilməsinin mümkün olub-olmaması halı tətbiq edilmədən iş icazəsinin rəsmiləşdirilməsinə əsas olan hal aradan qalxdıqda şəxsə verilmiş iş icazəsi qüvvəsini itirmiş hesab ediləcəkdir.
Müvəqqəti olma müddətinin uzadılması
• Yüksəkixtisaslı miqrantın mütəxəssis hesab olunduğu sahə üzrə fəaliyyətə başlaması öz iradəsindən asılı olmayan səbəblərdən mümkün olmadıqda onun müvəqqəti olma müddəti uzadıla bilər.
Müvəqqəti yaşamaq üçün icazə
• Əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər üçün müvəqqəti yaşamaq üçün icazə vəsiqəsinin alınması hallarına yüksəkixtisaslı miqrantlar əlavə edilmişdir. Qeyd edək ki, yüksəkixtisaslı mütəxəssislərə münasibətdə müvəqqəti yaşamaq üçün icazənin 3 ildən artıq olmayan müddətə verilməsi nəzərdə tutulmuşdur.
-
Əcnəbilərin və ya vətəndaşlığı olmayan şəxslərin 180 gün ərzində 90 gündən çox Azərbaycan Respublikasından kənarda olduqda onların müvəqqəti yaşamaq icazəsinin verilməsindən imtina halı yüksəkixtisaslı miqrantlara şamil edilməyəcəkdir.
-
Yüksəkixtisaslı miqrantın əri (arvadı) və 23 yaşına çatmamış övladlarına iş icazəsinin verilməsi əmək miqrasiyası kvotası çərçivəsində həyata keçirilməyəcəkdir.
Daimi yaşamaq üçün icazə
-
Daimi yaşamaq icazəsinin verilməsi hallarına yüksəkixtisaslı miqrantlarda əlavə edilmişdir.
-
Daimi yaşamaq icazəsinin verilməsi üçün tələb olunan sənədlərdən biri hesab olunan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin və onlarla gələn ailə üzvlərinin minimal tələbatını ödəyə bilən vəsaiti olması barədə sənəd yüksəkixtisaslı miqrantlardan tələb edilməyəcəkdir.
-
Daimi yaşamaq üçün icazə verilməsi ilə bağlı müraciətlərə baxılarkən əcnəbilərin və ya vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş hüquq və vəzifələri, habelə dövlət dili ilə bağlı biliklərinin yoxlanılması yüksəkixtisaslı miqrantlara şamil edilməyəcəkdir.
Bu dəyişiklik 29 dekabr 2024-cü il tarixindən qüvvəyə minmişdir.