“Dövlət satınalmaları haqqında” yeni Qanun qüvvəyə minib
14 iyul 2023-cü il tarixli, 988-VIQ nömrəli “Dövlət satınalmaları haqqında” yeni Qanun (“Yeni Qanun”) 1 yanvar 2024-cü il tarixindən etibarən qüvvəyə minmiş və “Dövlət satınalmaları haqqında” 27 dekabr 2001-ci il tarixli, 245-IIQ nömrəli Qanun (“Əvvəlki Qanun”) ləğv edilmişdir.
Yeni Qanun benefisiar mülkiyyətçi, çərçivə sazişi, maliyyə vəsaiti, sadə satınalma müqaviləsi, etibarsız təchizatçı kimi anlayışları müəyyən edir, habelə bunlardan irəli gələn münasibətləri özündə ehtiva edir.
Əvvəlki qanundan fərqli olaraq, Yeni Qanunun tətbiq dairəsi genişlənmişdir. Belə ki, satınalan təşkilat anlayışına büdcədənkənar dövlət fondları və dövlət adından yaradılan publik hüquqi şəxslər əlavə olunmuşdur. Nəticədə Yeni Qanun dövlət müəssisə və təşkilatları (idarələri), paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərlə yanaşı büdcədənkənar dövlət fondlarına və dövlətadından yaradılan publik hüquqi şəxslərə də şamil olunacaqdır. Bununla yanaşı, Əvvəlki Qanundakı dövlət vəsaiti anlayışı maliyyə vəsaiti anlayışı ilə əvəz edilmişdir. Nəticədə satınalma həm dövlət vəsaitini, həm də ona aid edilməyən lakin dövlət satınalan təşkilatın istifadəsində olan bütün növ pul vəsaitlərini ehtiva edir.
Dövlət satınalmalarına nəzarətin gücləndirilməsi məqsədilə Yeni Qanunda nəzarət orqanının səlahiyyətləri genişlənmişdir. Beləliklə, nəzarət orqanının səlahiyyətlərinə aşağıdakılar əlavə olunmuşdur:
-
Satınalan təşkilatlardan və təchizatçılardan satınalma prosedura ilə əlaqəli sənədləri (məlumatları) tələb etmək;
-
Əlavə olaraq satınalma planında göstərilən ehtimal olunan qiymətlə bağlı şübhələr olduqda satınalan təşkilatlara müraciət etmək və satınalma planında kənarlaşmalar aşkar etdikdə isə aradan qaldırılmasını tələb etmək;
-
Satınalma komissiyalarının iclaslarında müşahidəçi qismində iştirak etmək;
-
Satınalma predmetinin həcminin (miqdarının) 15 faizə qədər artırılıb-azaldılmasına razılıq
vermək;
-
Satınalma komissiyalarının qərarlarının (protokollarının) təsdiq olunub-olunmaması haqqında qərar qəbul etmək;
-
Satınalan təşkilatların, satınalma müqavilələrinin və etibarsız təchizatçıların reyestrlərini aparmaq həmçinin təchizatçıların həmin reyestrdə qalma müddəti barədə qərar qəbul etmək;
-
Satınalan təşkilatın və ya satınalma komissiyasının qanunazidd qərarını ləğv etmək və yeni qərar qəbul etmək və ya satınalan təşkilatın əvəzinə öz qərarını qəbul etmək;
-
Təkliflərin yenidən qiymətləndirilməsi və ya satınalmanın ləğv edilməsi barədə qərar qəbul etmək səlahiyyətinə malik olmaq.
Əvvəlki Qanunda yalnız açıq tender və ya kotirovka sorğusu üsulu elektron satınalma vasitəsilə keçirildi. Lakin Yeni Qanunda qapalı tender istisna olmaqla digər bütün hallarda təkliflərin cəlb edilməsi üçün dövlət satınalmaların vahid internet portalında elanın dərc olunması və məxfi məlumatlarla əlaqəli satınalma istisna olmaqla dəyəri və metodundan asılı olmayaraq bütün satınalmalarının vahid internet portalında keçirilməsi nəzərdə tutulur.
Dövlət satınalmalarında şəffaflığın təmin edilməsi məqsədilə Yeni Qanunda aşağıdakılar nəzərdə tutulmuşdur:
-
Satınalma planında nəzərdə tutulmayan satınalma predmetinin satınalınması yalnız nəzarət orqanın təsdiq etməsi şərtilə həyata kecirə bilər;
-
Benefisiar mülkiyyətçisi eyni olan subyektlərin və qarşılıqlı asılı olan şəxslərin eyni satınalmada iştirakının yolverilməzliyi.
Yeni Qanunda təkliflər sorğusu və məhdud iştiraklı tender metodu çıxarılmışdır.
Əlavə olaraq, kotirovka sorğusu 100,000 manatadək satınalmalara verilə biləcəkdir.
Bununla yanaşı, Yeni Qanunda mikro kiçik və orta sahibkarların dəstəklənməsi üçün yeniliklər vardır. Belə ki, kotirovka sorğusu metodu ilə keçirilən bütün satınalmaların yalnız mikro, kiçik və orta sahibkarlıq subyektlərinin iştirakı ilə keçirilməsi müəyyənləşdirilmişdir. Bu zaman satınalma predmetinin ehtimal olunan qiyməti 30,000 manatadək olduqda satınalma yalnız mikro və kiçik, 30,000 manatdan 100,000 manatadək olduqda isə mikro, kiçik və orta sahibkarlıq subyektlərinin iştirakı ilə keçirilməsi nəzərdə tutulur.
Əlavə olaraq mikro və kiçik sahibkarların təqdim etməli olduqları icra təminatının məbləğinin satınalma müqaviləsinin ümumi məbləğinin 10% deyil, 5 % olması müəyyən edilmişdiur. Habelə qalib mikro və kiçik sahibkarlara ödəniləcək avans məbləğini 30% deyil, 50% həcmində olması müəyyən edilmişdir.
Təklif müddətinin optimallaşması ilə bağlı açıq tender zamanı satınalma predmetinin ehtimal olunan qiymətdən asılı olaraq təkliflərin cəlb edilməsinə tələb olunan vaxt 30 iş günündən 15 iş gününədək azaldılmışdır. Bununla yanaşı təkliflərin qiymətlənməsi başa çatdıqda təchizatçıların təqdim etdiyi müraciətlərin həmçinin şikayətlərin 5 (beş) iş günü ərzində cavablandırılması nəzərdə tutulmuşdur.
Bu Qanun 2024-cü il yanvarın 1-dən qüvvəyə minib.
“Dövlət Satınalmaları haqqında” Azərbaycan Respublikası Qanunun tətbiqi ilə bağlı bir sıra Qaydalar qəbul edilmişdir
Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən 1 yanvar 2024-cü il tarixindən etibarən qüvvəyə minən “Dövlət Satınalmaları haqqında” yeni Qanunun tətbiqi ilə bağlı aşağıdakı bir sıra Qaydalar təsdiq edilmişdir:
-
- “İnformasiya resurslarının dövlət satınalmalarının vahid internet portalına inteqrasiya olunması hədlərinin təsdiq edilməsi”
-
- “Satınalan təşkilatların, satınalma müqavilələrinin və etibarsız təchizatçıların reyestrlərinin aparılması” Qaydaları
-
- “Dövlət satınalmalarının vahid internet portalı haqqında Əsasnamənin və elektron satınalmanın keçirilməsi” Qaydaları
-
- “Açıq tender, ikimərhələli tender, qapalı tender və kotirovka sorğusu metodları üzrə təchizatçıların satınalma müqaviləsinin icrası üçün müvafiq sahədə peşəkarlığının, təcrübəsinin, maliyyə imkanlarının və ödəmə qabiliyyətinin olması tələblərinə uyğunluğunun qiymətləndirilməsi meyarları”
-
- “Satınalma güzəştinin tətbiqi” Qaydası
-
- “Dövlət satınalmalarının vahid internet portalından istifadə üçün ödənilən istifadə haqqının və təklifləri təqdim etmək üçün ödənilən iştirak haqqının məbləğləri, onların ödənilməsi, geri qaytarılması və ödənilmiş vəsaitlərin bölgüsü və onlardan istifadə” Qaydaları
-
- “Çərçivə sazişinin, təklif sorğusunun və sadə satınalma müqaviləsinin nümunəvi formasının təsdiq edilməsi”
-
- “Uyğunluğa dair sənədlər toplusunun və uyğunluq göstəricilərinin qiymətləndirilməsi haqqında qərarın formasının təsdiq edilməsi”
-
- “Satınalma metoduna uyğun olaraq satınalmanın nəticələri haqqında yekun protokolun Formasının təsdiq edilməsi”
-
- “Satınalma planının formasının, habelə satınalma planında, uyğunluğa dair sənədlər toplusunda, şərtlər toplusunda və təkliflərin cəlb edilməsi barədə elanda (dəvətdə) satınalma predmetinin qeyd olunması üçün təsnifat kodlarının və onlardan istifad” Qaydası
-
- “Ehtimal olunan qiymətin hesablanması Qaydası”
-
- “Satınalma predmeti üzrə satınalma müqaviləsinin nümunəvi formasının təsdiq edilməsi”
-
- “Şərtlər toplusunun nümunəvi forması”.