Mülki Prosessual Məcəlləsində prosessual müddətlərlə əlaqədar dəyişikliklər və yeniliklər edilmişdir
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində prosessual müddətlərlə əlaqədar aşağıdakı dəyişikliklər və yeniliklər edilmişdir:
-
Müvəqqəti təminat tədbirləri haqqında ərizəyə məhkəməyə daxil olduğu gündən sonra təxirə salınmadan, lakin sonrakı iş günündən gec olmayaraq baxılacaqdır;
-
Arbitraj məhkəmələrinin müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə qərarlarının tanınması və icrası barədə ərizəyə məhkəməyə daxil olduğu gündən sonra təxirə salınmadan, lakin sonrakı iş günündən gec olmayaraq baxılacaqdır;
-
Müvəqqəti təminat tədbirinin bir növünün digəri ilə əvəz edilməsi məsələsi bu barədə ərizə məhkəməyə daxil olduğu vaxtdan 10 gün müddətində məhkəmə iclasında həll ediləcəkdir;
-
Müvəqqəti təminat tədbirinin ləğv olunması barədə ərizəyə məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində baxılaraq həll ediləcəkdir;
-
İşdə iştirak edən şəxslərin vəsatətlərinə onun təqdim edildiyi və ya növbəti məhkəmə iclasından gec olmayaraq baxılacaqdır. Vəsatətdə göstərilən məsələ təxirəsalınmaz qaydada həll edilməli olduqda, işdə iştirak edən şəxslərə məlumat verilməklə məhkəmə iclası təyin edilə bilər;
-
Qətnamədə və ya qərardadda buraxılmış yanlışlıqların və açıq səhvlərin düzəldilməsi barədə ərizə məhkəməyə daxil olduğu vaxtdan 10 gün müddətində baxılacaq və həll ediləcəkdir;
-
Əlavə qətnamə və ya əlavə qərardad barədə ərizə məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində qəbul olunacaq və onların çıxarılması qətnamə və ya qərardadın qanuni qüvvəyə minməsini təxirə salmayacaq;
-
Qətnamənin və ya qərardadın izah edilməsi barədə ərizə məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində məhkəmə iclasında həll olunacaqdır.
Azərbaycan Respublikasında yeni Vahid Məhkəmə Çağrı Mərkəzi yaradılmışdır.
Azərbaycanda ilk dəfə olaraq vahid Məhkəmə Çağrı Mərkəzi istifadəyə verilmişdir. Bu mərkəz vasitəsilə Ali Məhkəmə, Məhkəmə-Hüquq Şurası və digər məhkəmələrlə Azərbaycan Respublikasının istənilən regionundan əlaqə saxlamaq mümkündür. Belə ki, stasionar telefonlardan 012 887, bütün mobil operatorlardan isə 887 qısa nömrəsinə yığmaqla səsli formada təqdim olunan əlaqə kodları vasitəsilə müvafiq məhkəmə ilə əlaqə qurmaq mümkündür. Əlaqə kodlarını həmçinin Məhkəmə-Hüquq Şurasının rəsmi internet səhifəsindən (https://jlc.gov.az/) əldə etmək olar. Çağrı Mərkəzi bazar ertəsi – cümə günləri saat 09.00-dan 18.00-dək canlı iş rejimində xidmət göstərir.